"Niyə varsan?” şəklindəki suala "yox olmaq üçün” şəklində cavab vermək, var olan və yaşanılan hər şeyi bir anda mənasızlaşdırmaq deməkdir. Belə ki, siz bir şey düzəldərsiniz və sizdən soruşarlar: "Bunu niyə düzəltdin?” Cavab verirsiniz: "Yox etmək üçün?” Və ya belə də cavab verirsiniz: "Düzəltmək üçün düzəltdim!” Nəticədə hər iki cavab da olduqca mənasız olur, insanın özünü, həyatı və varlığı tanımadığını, olub bitənlərdən qəflət içində yaşadığını göstərir.
Halbuki, Cənabı Allah Quranı Kərimdə belə buyurur: "O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı anarlar. Göylərin və yerin yaradılması haqqında düşünərlər. Rəbbimiz Bunu boş yerə yaratmadın [deyərlər]. Sən Ucasan, bizi atəş əzabından qoru. ” [Ali İmran; 191]
İnsan var olan hər şeyi bir anda necə mənasızlaşdırar? Hər şeyin bir mənası var. Həyatın, ölümün, ağacların, dağların, insanların, heyvanların, dənizlərin və s. Burada bizi maraqlandıran şey ölümdür. Elə hesab edirəm ki, ölümün mənasını dərk etdiyimiz zaman hər şey bir məna qazanacaq. Gəlin, "ölüm bir dirilişdir” cümləsindən çıxış edərək yaşadığımız həyatı və varlıqları nəzərdən keçirməyə başlayaq.
Hər gecə bir ölüm, hər sabah bir dirilişdir. Gecə olur yatırsınız. Yuxu, ölümün qardaşıdır, ölmənin məşqidir. Bir müddət sonra oyanırsınız. Yəni ölümdən dirilişə keçirsiniz. Bunu hər gün təkrar edirsiniz. Hətta onu da söyləyim ki: İyirmi dörd saatlıq həyatınız içində gündüz gəzər, axşam olunca yatar, səhər olunca qalxarsınız. Bu hadisəni başqa cür ifadə edək. Gündüz yaşayır, gecə ölür, səhər dirilirsiniz. Yaşamaq, ölmək, dirilmək. Zatən Allah da biz insanları yaradıb, yer üzünə göndərdiyi andan təkrar Öz qatına çağıracağı ana qədər belə bir müddətdən keçirir. Əvvəlcə yaşadır, sonra öldürür, sonra da bir gün dirildəcək. Məhz o gün insan yaşadığı həyatın hesabını verəcək.
Uca Rəbbimiz Quranı Kərimdə insanın diqqətini bəzi şeylərə çəkmək üçün and içir; And içilən varlıqlardan biri də günəşdir. "And olsun günəşə və onun işığına” [Şəms; 1] Günəş hansı tərəfi ilə diqqət çəkir? Məsələn, doğması və batması ilə. Günəş hər gün doğur və təkrar doğmaq üçün batır. Günəşin hər batışı bir ölüm, hər doğuşu bir dirilişdir. Hər gün təkrarlanan bu batış və doğuş tamaşası bizə bu həqiqəti pıçıldayır:
-Ey insan! Mənim kimi bir gün sən də belə batıb sonra təkrar doğulacaqsan, yəni ölüb diriləcəksən.
Bu həqiqəti unutmamağımız üçün Rəbbimiz hər gün bu mənzərəni bizə göstərir. Görməyi bacaranlar üçün bu belədir. Ya Rəbbi, nə qədər də mərhəmətlisən ki, bizi hər an belə şeylərlə xəbərdar edirsən. Həm yazılı, həm də yaratdığın ayələrinlə. Bəli, Allahın ayələri iki cürdür: Yazılmış və yaradılmış ayələr. Birincisi Quran, ikincisi kainat və içindəkilər.
Uca Rəbbimiz, mövsümlərlə də bizə ölüm və onun ardınca gələn dirilişi anladır. Hər qış bir ölüm, hər bahar bir dirilişdir. Qış gəldiyində torpağı və həyatı ölü görürsünüz. O yaşıl-yaşıl bitkilər və torpağın üstündə qaynaşan, hərəkət edən və uçan böcəklər, heyvanlar artıq yoxdur. Amma baharın gəlməsi və yağışların yağması ilə birlikdə torpağın dirilişə keçdiyini görürsünüz. İnsanlara; "bir gün siz də belə olacaqsınız” deyərcəsinə.
"Göydən bərəkətli su endirdik. Qullara ruzi olsun deyə onunla bağçalar, biçiləcək dənli əkinlər, çoxlu tumurcuqları olan xurma ağacları yetişdirdik. O su ilə ölü yeri diriltdik. İnsanların dirildilməsi də məhz belədir.” [Qaf; 9-11]
"O, suyu göydən bir ölçüyə görə endirir. Biz onunla ölü bir məmləkəti dirildirik. Siz də məhz belə diriləcəksiniz.” [Zuxruf; 11]
"O, ölüdən diri, diridən ölü çıxarır; yer üzünü ölümündən sonra O canlandırır. Ey insanlar! Məhz siz də belə dirildiləcəksiniz.” [Rum; 19]
Rəbbimiz, qış və bahar mövsümlərini yaşadarkən eyni zamanda ölümləri və dirilişləri aylarla da göstərir. Toxumların torpağa atılması bir ölüm, günlər sonra torpaqdan çıxışı bir dirilişdir. Toxumun torpağın içində yox olduğunu zənn edərsiniz. Halbuki, yoxluq yoxdur. O, torpağın altında diriliş müddətini yaşamaqdadır. Nəhayət bir müddət sonra yaşıllıqlar içində qalxdığını görərsiniz.
İnsan da belədir. O bir toxum kimidir. Yaşayarkən bir gün torpağın altına düşdüyünü görərsiniz. İnsanın düşdüyü yer onun qəbridir. Amma o toxum kimi olduğundan bir gün düşdüyü yerdən qalxacaq. Zatən qiyamət günü, qalxış günü deməkdir.
"Qəbirlər açılıb içindəkilər çölə saçıldığı zaman” [İnfitar; 4]
"Yer böyük bir sarsıntı ilə sarsılmağa başladığı və içindəki ağırlıqları [insanları] çölə atmağa başladığı zaman insan deyər ki; nə olur?” [Zəlzələ; 1-3]
"Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? dedilər. Onlara: Rəhman olan Allahın vəd etdiyi məhz budur. Peyğəmbərlər doğru söyləmişdilər [deyərlər].” [Yasin; 52]
Doğum ölü kimi olan körpələrin ana rəhmindən [bətnindən] dirilişə keçib dünyaya addım atmasıdır. Baxmağı və görməyi bilənlər üçün bir neçə damla suyun [mənin] dirilişə keçməsidir. Bu həqiqət aşağıdakı ayə ilə ifadə edilir:
"Allahı necə inkar edirsiniz ki, siz ölülər idiniz; O sizi diriltdi. Yenə öldürəcək, yenə dirildəcək, sonra da Ona döndəriləcəksiniz.” [Bəqərə; 28]
İçində yaşadığımız həyatın quruluşu da ölümdən sonra diriliş və hesaba çəkilmənin gerçəkləşəcəyinə sübutdur. Çünki, yaşadığımız həyatda güclü və zalım insanlar var. Çox vaxt onlar "Mən istədiyimi edərəm və heç kəsə hesab vermərəm!” havası içində yaşayırlar. Məsələn; bu mövzuya özlərinə toxunmamazlıq qanunu çıxarıb bəzən günah olan işlər etdikləri halda hadisəni ört-basdır edə bilən və cəza çəkməkdən xilas olan bir sıra insanlar gözəl bir örnəkdir. Digər tərəfdən zavallı, gücsüz, hər cür haqsızlığa məruz qalıb haqqını ala bilməyənlər var!?
Bir gün zalım cəzasını, məzlum da haqqını almadan ölüb gedə bilər. Həyat isə bu qədər nizamsız və mənasız ola bilməz. İnsanın ağlına o dəqiqə belə bir şey gəlir: "Ölümdən qabaq bunlar verilmədiyinə görə deməli, ölümdən sonraya qalır.” Məhz belə olduqda həyatın mənası olur.
Tarixi hadisələri zamana bölərkən miladdan əvvəl, miladdan sonra dediyimiz kimi həyatdakı hadisələri də danışarkən ölümdən əvvəl və ölümdən sonra deyə ikiyə ayırmaq lazımdır. Çünki, həyat ölümdən əvvəl və ölümdən sonrası ilə bir bütündür.
Bura qədər söylədiyimiz nümunələr yaşadığımız həyatdan və varlıqlardan dirilişə aid olanlardır. İndi də Cənabı Allahın insanı yaradarkən şəxsən mayasına qoyduğu daxili dünyamıza aid diriliş nümunələrinə keçək.
"Şübhəsiz inananlara, yer üzündə və sizin özünüzdə Allahın varlığına aid dəlillər var. Görmürsünüzmü?” [Zariyat; 20-21]
İstisnasız, yaşayan bütün insanlarda olan və "vicdan əzabı” deyilən bir hadisə var. Nədir vicdan əzabı? Söyləyim: Pis bir iş edib, sonradan "kaş ki, etməsəydim” kimi yaşanan acı duyğulardır. İndi aşağıdakı misala baxın.
Allaha və axirət gününə inanmayan ateist bir insan düşünün: Heç kəsin görmədiyi bir yerdə bir uşağı öldürür. Hadisəni ondan başqa heç kəs bilmir. Özü deməsə o ölənə qədər də heç kəs də bilməyəcək. Fəqət aradan illər keçsə də, o insan bu hadisəni unuda bilmir. Bu hadisəyə görə həmişə daxilində acı bir iztirab daşıyır. Hətta, "Hələ də uşağın fəryadlarını qulaqlarımda duyuram” deyir. İndi isə sual verirəm: Bu insanın vicdan əzabı çəkməsinin səbəbi nədir? Əgər polis, məhkəmə, məhbəs kimi hallar deyirsinizsə, heç kəs hadisəni bilmirdi və ortada kiçik də olsa heç bir dəlil yoxdur. Yox əgər, "Allah qorxusu, axirətdəki cəza” deyirsiniz, bu şəxs zatən belə şeylərə inanmır! Başqa sözlə ona görə acı çəkməz. O halda nədir? Budur ki, o insanın vicdanının dərinliklərindən bir səs sanki, "Ey filankəs, sən o işi etdin, amma heç kəs görmədi, həmişə də belə gizli qalacağını zənn etmə. Elə bir varlıq və elə bir gün var ki, O varlıq o gündə etdiyin bu işin cəzasını verəcək” deyə pıçıldayır. Məhz insanı düşündürən və rahatsız edən bu səsdir. Bu səs fitrətin səsidir. İnsanın dili və bədəni dirilişdən nə qədər uzaq və inkarçı olaraq yaşayarsa yaşasın, bu duyğular insanın daxili dünyasına Allah tərəfindən qoyulub. Fitrət hər zaman həqiqəti hayqırır.
"Ey insanlar! O gün siz hüzura alınırsınız. [Elə bir hesaba çəkilirsiniz ki] heç bir şeyin gizli qalmaz.” [Haqqa; 18]
Ölümlə burun-buruna gələn inkarçılar belə o anda fərqində olmadan "Allah” deyə hayqırmırlarmı? Bəli. Məhz o səs də fitrətin səsidir. Əslində insan öldükdən sonra dirilib hüzuruna varacağı varlığın adını hayqırır. "O gün insan: "Hara qaçmalı?” deyər. Xeyir, xeyir, qaçılacaq heç bir yer yoxdur. Ey insan! O gün sən Rəbbinin hüzuruna çıxacaqsan.” [Qiyamət; 10-12]
Əslində bu ayə qiyamətlə bağlıdır. Qiyamət əsasında insanın davranışını anladır. Fəqət eyni zamanda ayə insanın dünya həyatında da qiyamətinin qopma təhlükəsi qarşısında Allaha qaçdığı həqiqətini ehtiva edir.
Yuxarıdakı "vicdan əzabı” misalında görüldüyü kimi əslində insan dirilişin sancılarını hər an çəkməkdədir. Vicdan əzabının təməlində "öldükdən sonra bir gün dirilmə və yaşanılan həyatın hesabını vermənin gətirdiyi narahatlıq” var.
Digər tərəfdən cibindəki on min manatın minini heç kəsin təzyiqi altında qalmadan, öz istəyi ilə fağıra verib sonradan daxilində bir məmnuniyyət və xoşbəxtlik duyan insanı düşünün. Bu insan niyə sevinir? Pulu azalan insan heç sevinərmi? Xeyir. Elə isə səbəbi nədir? Yenə o insanın daxili dünyasından bir səs sanki "Ey filankəs, sən o fağıra pul verdin, amma əvəzsiz qalacağını zənn etmə. Elə bir varlıq və elə bir gün var ki, O varlıq o gündə sənin bu hərəkətini qat-qat artığı ilə dəyərləndirəcək, buna görə heç də narahat olma” deyir. Məhz insanı sevindirən, daxilində məmnuniyyət hissləri oyandıran səbəb budur. Bunlar da gördüyümüz kimi və Zariyyat surəsinin 20-21-ci ayələrinin ifadəsi ilə də bildirildiyi kimi insanın daxili dünyasındakı dirilişə aid ayələrdir.
İllər əvvəl, ürəyindən əməliyyat olunmuş yaşlı dindar bir müsəlmandan dinlədiyim olduqca maraqlı bir hadisə var. "Keçmiş olsun” ziyarətinə getmişdim, o ərəfədə danışmışdı. Onu da qeyd edim ki, ürək əməliyyatı riskli bir əməliyyatdır. Əgər bir şəxs ürəyini əməliyyat etdirmək qərarına gəlibsə, deməli ölümü gözə alıb. Çünki, hər an əməliyyat stolunda qala bilər.
Hə, indi də hadisəyə keçək. O müsəlman danışırdı ki, "Əməliyyat günü gəlib çatdı. Mənimlə birlikdə ürəyindən əməliyyat olunmaq üçün başqa yerlərdən də gəlmiş insanlar da var idi. Amma aralarında elələri var idi ki, 40-50 yaşlarına çatmışdılar, lakin Allah, Peyğəmbər, Quran, ölüm, cənnət, cəhənnəm, dəstəmaz, namaz nədir deyə heç düşünmədən yaşamış, günü günə calamışdılar. Fəqət günlərin birində Allah ürəklərindən yaxalamışdı. Məcburən əməliyyat üçün stola uzanacaq, kim bilir bəlkə elə stolda da qalacaqdılar.
Onlardakı təlaşı görməli idin. İnandırım səni ki, onlardan bəziləri gəlib mənə yalvarırdılar: "Qardaş, yalvarıram, dəstəmaz necə alınır, bir başa sal! Təbii ki, mən də onlara acıyaraq izah edirdim. Ardınca da qardaş qurban olum namaz necə qılınır? Burada nə edilir? Burda nə oxunur?...”
Mən o yaşlı müsəlmandan bu həzin mənzərəni dinləyərkən beynimdən bu ayələr keçirdi: "O gün bir sıra üzlər də tutulub qaralacaq [Ölüm gəlib çatdığı zaman], gözləmədiyinin qırılacağını sanar. Diqqət edin, can boğaza gəlib körpücük sümüklərinə dayandığı zaman, çarə tapan yoxdurmu? deyər. Artıq ayrılıq vaxtının gəlib çatdığını anlayar. Ayaqları bir-birinə dolaşar. O gün o Rəbbinin hüzurdadır. O, peyğəmbəri doğrulamamış, namaz qılmamış, amma yalanlayaraq üz çevirmiş, sonra da lovğalanaraq özü kimilərin yanına getmişdir. Yazıqlar olsun sənə! Sənə daha nə olsun, yazıqlar olsun sənə, yazıqlar!” [Qiyamət; 24-35]
O insanları, öləcəklərini anladıqları zaman ibadətə, qulluğa sövq edən səbəb nədir? Əlbəttə ki, ölümdən sonrakı diriliş. Əgər sadəcə öləcək və elə qalacaq olsaydılar vallahi heç bir şey etməz və təlaşa da düşməzdilər. Amma ölümün ardından gələn diriliş belə hazırlıqsız insanların ayaqlarını bir-birinə dolaşdırır.
Yaxşı, bu insanlar o ana qədər nədən bu həqiqəti dərk etməmişdilər? Çünki, "Siz onu [ölüm və dirilişi] uzaq hesab edirsiniz, biz isə onu yaxın hesab edirik” [Mearic; 6-7] ayəsinin ifadə etdiyi həqiqət üzrə ölümə iman etməmiş, öləcəklərini söyləmişlər, amma heç ölməyəcəklərmiş kimi yaşamışdılar. Daima başqaları öləcək, başqaları üçün qəbir qazılacağını güman etmişdilər. Ölümü düşünmədən və ölümü bir diriliş olaraq anlamadan yaşayanlar məhz belə ölü olaraq yaşayarlar. Son anda oyanarlar. Ancaq bu mənasızdır. Buna görə də öləcəyinizi düşünərək yaşayın. Sadəcə bu dünyada yaşayacağınızı düşünərək yaşasanız ölü yaşayarsınız. Amma öləcəyini də düşünərək yaşayarsanız diri yaşayarsanız.
Yenə illər əvvəl yaşadığım və heç unutmadığım bir xatirəm var. Lisədə II kurslardan birində olan bir hadisə. Hadisənin baş verdiyi kursda həm din dərsini, həm də psixologiya dərsini mən tədris edirdim. Yazılı imtahan günü idi, sualları verdim və cavab vermə müddəti başladı. Təxminən 5-10 dəqiqə sonra baxdım ki, bir neçə partanın altında açıq dəftər və kitablar var. O dəqiqə müdaxilə etmədim. Sadəcə uşaqlara bəzi partaların altında açıq dəftərlər və kitablar olduğunu və bağlamalarını tövsiyə etdim. Aradan bir neçə dəqiqə keçdi, baxdım ki, bağladılar. Sadəcə biri açıq qalmışdı. Sakit bir şəkildə şagirdin yanına getdim. "Bax oğlum, səni xəbərdar etmişdim. Partanın altındakı kitabın açıqdır” deyərək imtahan vərəqini aldım və başqa heç nə demədim. O, həyəcanlı və pərt olmuş vəziyyətdə, "Müəllim köçürmürdüm” deyincə mən də "Oğlum, xətanı qəbul etmək fəzilətdir, xətada israr isə xəta üzərinə xətadır” dedim. O, bu dəfə də, "Müəllim vallahi köçürmürdüm, dərsə hazırlaşırdım. Siz sinif qapısından anidən girincə həyəcanlanıb kitabı açıq vəziyyətdə partanın altına qoydum.” dedi.
Bu cavab qarşısında mən, "Madam ki, sən Allahın adını andın, mənim Ona qarşı sonsuz hörmətim var. Mən də sənə inandım. Sən mənim nəzərimdə yenə də dürüst bir şagirdsən. Kitabını götür və imtahana qaldığın yerdən davam edə bilərsən.” dedim. Fəqət bu arada uşaqlardan, qələmlərini yerə qoyub məni beş dəqiqə dinləmələrini istəyərək bunları söylədim:
Baxın uşaqlar, mən keçən həftə sizə din dərsində Quranı Kərimdəki əl-Haqqa surəsini anlatmışdım. O surənin 18-ci ayəsində Rəbbimiz belə buyurur: "O gün Allahın hüzuruna çıxardılacaqsınız və elə bir hesaba çəkiləcəksiniz ki, heç bir gizli tərəfiniz qalmayacaq.” Başqa sözlə desək, biz dünya həyatında bəzən çirkin işlər görərək, bu cür işləri başqasından iftira, rüşvət, yalan kimi yollarla gizlədə bilərik. Amma heç narahat olmayın bu həmişəlik gizli qalmayacaq. Bu günün sabahı da var. Allah bir gün hamımızı öldürəcək və dirildəcək, həm də hüzuruna toplayacaq. O gün hamılıqla birlikdə, heç bir şeyi gizləmədən yaşadığımız həyatın hesabını verəcəyik, elə deyilmi? Belə hesab edək ki, doğru söyləyirsiniz. Heç bir məsələ yoxdur. Amma əgər yalan söyləyirsinizsə, [Allahı-haşa-istifadə etmək məqsədi ilə] mənə heç nə olmaz. Yaxşı, o gündə də gizlədə biləcəksinizmi? Başqa sözlə desək, əlim yaxanızda olacaq. Mən sizə bunları söyləmişdim, sadəcə xatırlatmaq istədim. İndi isə yazmağa davam edin.
İmtahanın sonunda vərəqlər gəlməyə başladı. Bu arada, şagirdlərdən biri, müəllim stolunun yanında, vərəqini vermək istəyir, təkrar geri çəkirdi. Həm də bu əsnada qızarıb, bozarırdı. Mən hər şeydən xəbərsiz bir şəkildə, ona vərəqini qoyub getməsini söylədim. O anda cibindən pozanı çıxartdı və cavabı tək cümlədən ibarət olan bir sualın cavabını sildi. Baxdım ki, doğru yazdığı cavabı sildi. Dedim ki; "O sildiyini cavab doğru idi, istəsən eynisini yenidən yazıb, sonra ver. İcazə verirəm.”
Şagirdin söylədikləri qarşısında yerimdə dondum: "Müəllim, mən o cümləni köçürmüşdüm.” Üstəlik bu şagird, dəftər və ya kitabı açıq olan şagirdlərdən heç biri deyildi.
Belə bir mənzərə qarşısında mən, "Səni təbrik edirəm, inşallah həyatının hər nöqtəsində beləcə dürüst olasan.” deyərək həm psixologiyadan, həm də din dərsindən sözlü qiymət kimi ona 10 bal verdim.
Hadisə olduqca düşündürücüdür. Hadisəni təhlil edək: Əcəba bu şagirdi, nə dostlarının, nə də mənim bilmədiyim o hərəkətini etiraf etməyə sövq edən səbəb nə idi? Çox da düşünməyə ehtiyac yoxdur. Çünki, cavabı olduqca bəsitdir: Diriliş. İmtahan əsnasında etdiyim 5 dəqiqəlik bir xatırlatmanın o anlıq da olsa, təsirində qalaraq "Heç olmasa gizli etdiyim bu xətamı təmizləyim ki, ölümdən sonraya qalmasın. Çünki, ölümdən sonra gizlədə bilməyəcəyəm” kimi düşüncələrlə, Allahın razı olacağı bir davranış nümayiş etdirdi.
O şagird dirilişin bir anlıq təsiri ilə elə davrandı. Bəs insanlar həmişə dirilişin təsiri ilə yaşasalar!... O zaman həyatın gözəlliyini seyr edin. İnanın ki, iman etdiyiniz cənnəti hələ burada ikən yaşamağa başlayarsınız.
Fəqət biz yaşadığımız həyatı və yeri cənnət halına gətirməyə başlayınca cənnəti də unutduq! Darıxmadıq. Necə darıxa bilərik ki, lüks, israf demədən yaşadığımız həyatı cənnətə çevirmək üçün bir ömür boyu gecə-gündüz çalışdıq?
Səhabə cənnət üçün elə darıxırdı ki, Ənəs b. Nadir, Uhud savaşında "Cənnətin qoxusunu Uhudun arxasından duyan kimiyəm” deyirdi. Bilirsiniz ki, insan çox acarkən də yeməyin qoxusunu ta uzaqlardan duyar. Səhabə də cənnət üçün elə acırdı ki, daha dünyada ikən cənnətin qoxusunu duyurdu.
Qardaşlarımızdan biri danışmışdı: "Dostlarla bərabər təfsir dərsi keçirik. Oturduğumuz otaq elə gözəl idi ki,-hələ o nadir qablar və divarların üzərinə iplərlə uzadılmış sarmaşıqlar,-baxanlara cənnət zövqü yaşadırdı. Oturub [bu təvafuqdur*] cənnətlə bağlı ayələri anlamağa çalışırdıq.” Cənnət kimi yerdə cənnət ayələri necə anlaşılar və ya cənnət üçün darıxmaq olarmı?
Biz zavallı müsəlmanlar! Belə bir yaşantı ilə nə Quranı anlayarıq, nə də cənnət üçün darıxarıq. Allahın möminlər üçün hazırladığı möhtəşəm həyata da namizəd ola bilmərik. Namizəd olmağa nə gərək var ki. Yaşadığımız həyat onun kimi möhtəşəmdir!
Həzrəti Fatimə, Rəsulullahın [sas] ondan sonra həyatda qalan tək övladı, qızı. Böyük mücahidə.** İyirmi beş yaşında, ömrünün baharında həyata vida etmişdir. Rəsulullah [sas] son günlərini yaşayırdı, ölüm döşəyində idi. Qızını yanına çağırır: "Əyil baxım qızım” deyir. Atası bir şey söyləyir ağlayır, bir az sonra yenə bir şey söyləyir. Buna çox sevinir. Səhabələr bu mənzərəni uzaqdan seyr edirdilər. Amma buna heç bir məna verə bilmilər. Bir qədər sonra soruşurlar: "Ya Fatimə, o gün Rəsulullah [sas] səni çağırmışdı, bir şey söyləmişdi ağlamışdın, ardınca da yenə bir şey söylədi buna da sevinmiş, gülmüşdün. Bu bizi çox maraqlandırdı. Səni ağladan və güldürən şey nə idi?”
Həzrəti Fatimə deyir ki: "O gün atam mənə əvvəlcə dedi ki: "Qızım hər halda bu xəstəlik məni aparacaq.” Mən də buna üzüldüm, ağladım. Daha sonra dedi ki; "Qızım əhli beytimdən mənə ilk qovuşan sən olacaqsan, mən də buna çox sevindim və güldüm.”
Mənzərəni görürsünüzmü? Biri gəlib qulağınıza əyilərək "yaxında öləcəksən” deyəcək biz də buna çox sevinəcəyik, elə deyilmi? Mümkündürmü? Elə hesab edirəm ki, biz də "dur görüm bir, ağzını xeyirliyə aç, nə yaşımız var ki?” deyə cavab verərik. Amma eyni şey 25 yaşındakı Rəsulullahın [sas] qızına deyilir. O buna çox sevinir. Digər bir tərəfdən də cənnət üçün elə darıxmışdır ki. Siz buna "gənc yaşında getdi, ömrünün baharında idi və ya az yaşadı” kimi şeylər deyə bilməzsiniz. Əgər bir insan illəri 25 ilə sığdırmışsa, Allahın razı olacağı həyatı 25 ilə doldurmuşsa azdır deyə bilmərik. 70, 80, 90 il yaşayan bizlər yaşadığımız həyatımızla Allahı nə qədər razı edə bilirik? Yetmiş illik bir ömür, içində heç bir şey yox, amma 25 illik bir ömrün içində nə yoxdur ki? Allahın rizası ilə dolu bir həyat.
Yenə rəvayətlərə görə Xalid b. Vəlid Bizans komandirinə deyir ki; "Bu gün sənə elə bir ordu ilə gəldim ki, sizin həyatı sevdiyiniz qədər onlar ölümü sevirlər. Onlar azad yaşadılar. Nə nəfslərinə, nə də dünyaya bağlandılar. Tamamilə əksinə mallarını və nəfslərini cənnət qarşılığında Allaha satdılar. Nəfslərinin və mallarının köləsi olmadılar.”
"Allah şübhəsiz, Allah yolunda savaşıb, öldürən və öldürülən möminlərin canlarını və mallarını,-Tövrat, İncil və Quranda,- söz verdiyi bir haqq olaraq Cənnətə qarşılıq satın alıb. Verdiyi sözü Allahdan daha çox tutan kimdir? Elə isə etdiyiniz alış-verişə sevinin, bu böyük uğurdur.” [Tövbə; 111]
Peyğəmbərimizə [sas] bir şəxs gələrək belə deyir: "Ya Rəsulullah [sas], mənə elə bir əməl göstər ki, onu işlədiyim zaman Allahın rizasını qazandığım kimi insanlar tərəfindən də sevilim.”
Peyğəmbərimiz [sas] belə cavab verir: "Dünyadan zühd edər [maraqlanmamaq], üz çevirərsən Allah səni sevər; insanların əlində olandan üz çevirdiyin təqdirdə də insanlar tərəfindən sevilərsən.” [İbn Macə; Zühd]
Zühd [dünyaya qəlbən bağlı olmayan] gəminin dənizdə olması kimi, qulun dünya nemətləri içərisində olduğu halda onların sevgisini könlünə yerləşdirməməsidir. Çünki, gəmi suyun içində üzər, fəqət su gəminin içinə girərsə, gəmi batar. Bunun kimi, nemətlərin və dünyanın sevgisi insanların qəlbinə girəcək olarsa, o insanı batırar. Necə ki, batırır da.
Bəzən "daha yaxşı xidmət etmək üçün müsəlmanın zəngin olması lazımdır” səbəbi ilə daldığımız dünyəvi işlərdə elə batırıq ki, ömür boyu bir daha çıxa bilmirik. Bu səbəblə meydana atılan qardaşlarımızın pul qazandığını görürük. Amma qazandıqları puldan daha dəyərli şeylərini itirdiklərini də görürük. Bir az pullanınca "Allah nemətlərini qulunun üzərində görmək istəyər” deyib dünya nemətləri içində üzməyə və kef çəkməyə çalışırıq. Axirəti unuduruq. Doğrudur, Cənabı Allah nemətlərini qulun üzərində görmək istəyir. Lap yaxşı, Allahın möminə verdiyi ən böyük nemət "iman neməti” deyilmi? Bəli, o zaman mömin, sahib olduğu imanın əsərlərini niyə həyatında göstərməyə çalışmır, amma sahib olduğu pulun əsərlərini göstərməyə çalışır? Öz-özümüzü aldatmayaq. Məncə bu cür davranışlar, insanın qəlbindəki dünya ehtirasını yaşıl rəngə boyamağa çalışması və ona dini bir don geyindirməsidir. Bu da çox zaman bizi fəlakətə sürükləyir. Peyğəmbərimiz [sas] belə buyurur:
"Dünya boş bir yaşıllıqdır. Allah nə edəcəyinizi görmək üçün sizi yer üzündə xəlifələr etmişdir. İsrailoğulları dünyəvi vəziyyətləri düzəlib rifaha qovuşduqları zaman əlbisə, ətir, bəzək və qadınlarla zövqə daldılar.” [Tirmizi, İbn Macə, Əhməd b. Hambəl, Darimi]
Bu mövzuda biz bizim üçün ən gözəl örnək olan Rəsulullahın [sas] həyatına baxaq: Həzrəti Ömər söyləyir: "Mədinə dönəmində bir gün Rəsulullahı [sas] ziyarətə getdim. Otağına girdim, əynidə sadə bir əlbisə, yerdə bir həsr, kənarda bir divan və küncdə bir su qabı var idi. Ağlamağa başladım. Rəsulullah [sas]: "Ömər niyə ağlayırsan? Deyincə mən: "Ya Rəsulullah, sənin halına ağlayıram, digər dövlət rəhbərlərinin dəbdəbəli həyatına baxıram, bir də sənə. Sən dövlət rəhbərisən. Həyatını bir az yaxşılaşdır” dedim. Rəsulullah [sas]: "Ey Xəttabın oğlu Ömər, istəmirsənmi bütün dünya onların olsun, axirət bizim olsun? buyurdu.”
*[Ər] Təvafuq, Allah tərəfindən bir şeyin digər bir şeyə bərabər və uyğun hesab edilməsi halıdır. Təsadüf tam olaraq bu sözün mənasını qarşılamır. Təsadüfdə bir təsadüfilik vardır. Təvafuqda isə bilərək rast gətirmə vəziyyəti hakimdir.
**[Ər] 1. Cihad edən, din düşmənləri ilə döyüşən. 2. Cəhd göstərən, çox işləyən. 3. Təsəvvüfdə nəfsinə qarşı gələrək özünü tərbiyə edən və beləcə mənəvi mövqelərə çatan şəxs.